AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Akademik Tariyel Talıbovun 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib
Feb 25, 2024 | 23:07 Konfranslar, iclaslar

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və AR ETN Bioresurslar İnstitutunun (Naxçıvan) birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində Azərbaycanın tanınmış bioloq alimi, Əməkdar elm xadimi, akademik Tariyel Hüseynəli oğlu Talıbovun anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Tədbirdən öncə bu münasibətlə Naxçıvana gəlmiş AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri AMEA-nın müxbir üzvü Elşad Qurbanov, AR ETN Genetik Ehtiyatlar İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, AR ETN Botanika İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin elmi katibi biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə, eləcə də Bioresurslar İnstitutunun direktoru biologiya elmləri doktoru, dosent İsmayıl Məmmədov, baş elmi işçi akademik Tariyel Talıbov, elmi katib biologiya elmləri doktoru, dosent Ənvər İbrahimov, Naxçıvan Dövlət Universitetinin professorları Hacıfəxrəddin Səfərli və Etibar Məmmədov, digər qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsini və Ümummilli Liderin həyat yolunu əks etdirən muzey kompleksini ziyarət ediblər.

İştirakçılar Böyük Azərbaycanlının abidəsi önünə gül dəstələri qoymaqla Ulu Öndərin əziz xatirəsini yad edib, daha sonra muzeyi gəzərək burada toplanmış qiymətli eksponatlarla tanış olublar.

Sonra Bioresurslar İnstitutunda baş tutmuş yubiley tədbirini giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova ilk növbədə Azərbaycanda Prezident – xalq birliyinin sarsılmazlığını bir daha nümayiş etdirmiş Zəfər seçkilərindən danışıb. Natiq qeyd edib ki, növbədənkənar Prezident seçkilərində Azərbaycan xalqı yüksək siyasi iradəsini ortaya qoyaraq vətəndaş mövqeyi və mütəşəkkillik göstərməklə öz liderinə, Müzəffər Ali Baş Komandana birmənalı inamını nümayiş etdirib: “Müstəqillik dövründə ilk dəfəydi ki, seçki məntəqələri milli suverenliyin tam təmin olunduğu ərazilər də daxil olmaqla, bütün respublikanı əhatə edirdi. Seçkilər Azərbaycan tarixində, eləcə də Vətənimizin gözəl guşələrindən biri olan Naxçıvan Muxtar Respublikasının tarixində yeni – daha yüksək bir mərhələnin başlanğıcını qoyub”.

Akademik İradə Hüseynova bu mərhələdə Azərbaycanın xüsusilə inkişaf etmiş sosial rifah dövlətinə çevriləcəyinə və bu il 100 illik yubileyi qeyd olunan Naxçıvan MR-in bu inkişafın bir parçası kimi daha da çiçəklənəcəyinə inamını ifadə edib. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamı, regionda həyata keçirilən dövlət proqralmarı, sosial-iqtisadi inkişafa yönəlmiş layihələr yeni dövrün “ayaq səsləri” hesab edilə bilər”.

Sonra akademik İradə Hüseynova bugünkü tədbirin də Naxçıvan MR-in 100 illik yubileyinə aidiyyətinə diqqət çəkib, toplantı iştirakçılarına AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin salamlarını çatdırıb, onun adından yubliyarı təbrik edib.

Natiq akademik Tariyel Talıbovun Azərbaycan botanika elmi qarşısında xidmətlərini, Naxçıvan Muxtar Respublikasının biomüxtəlifliyinin tədqiqi sahəsində və elmi kadr hazırlığında əldə etdiyi mühüm nailiyyətləri xüsusi qeyd edərək, yubileylə bağlı AMEA Rəyasət Heyətinin qəbul etdiyi qərarı iştirakçıların diqqətinə çatdırıb. Həmin qərarla akademik Tariyel Talıbovun AMEA Rəyasət Heyətinin Fəxri fərmanını ilə təltif edildiyini bildirən akademik İradə Hüseynova Fəxri fərmanı yubilyara təqdim edib.

Daha sonra Bioresurslar İnstitutunun direktoru biologiya elmləri doktoru, dosent İsmayıl Məmmədov akademik Tariyel Talıbovun həyat yolu, elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti haqqında məruzə ilə çıxış edib.

Sonra yubiley tədbirində Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri AMEA-nın müxbir üzvü Elşad Qurbanovun, Naxçıvan Dövlət Universitetinin professoru AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərlinin, AR ETN Genetik Ehtiyatlar İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun, AR ETN Botanika İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevanın, Naxçıvan Dövlət Universitetinin professoru biologiya elmləri doktoru Etibar Məmmədovun çıxışları dinlənilib.

Çıxış edənlər Tarıyel Talıbovun bir alim, müəllim və elm təşkilatçısı, eləcə də sadə, təvazökar və xeyirxah insan kimi böyük nüfuz və hörmət qazandığını bildirib, ona 75 illik yubileyi münasibətilə səmimi təbriklərini bidirərək, möhkəm cansağlığı, elmi axtarışlarında yeni-yeni uğurlar arzulayıblar.

Tədbirdən sonra AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin nümayəndə heyəti AMEA-nın Naxçıvan Bölməsində olub.

Burada bölmənin sədri akademik İsmayıl Hacıyevin və bölmə üzvlərinin iştirakı ilə keçirilmiş görüşdə Azərbaycan elmində gedən proseslər, elmimizin və AMEA-nın Naxçıvan Bölməsinin gələcək inkişafı, təşkilatlar arasında əməkdaşlıq əlaqələri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023